“Çovdar” yatağı
“Çovdar” qızıl yatağı Daşkəsən rayonunun şimal hissəsində
yerləşir. “AzerGold” QSC və “Star Mining” MMC arasında imzalanmış
mügaviləyə əsasən, “Star Mining” MMC tərəfindən yatağda mədən,
xırdalama və aglomerasiya işləri 2017-ci ildən etibarən aparılır.
Yatağın təsdiq olunmuş ümumi qızıl resursları 1 661 000 unsiya
(51.5 ton filiz) təşkil edir. Bu həcmin 363 500 unsiyası yerüstü
(oksid), 1 298 000 unsiyası isə yeraltı (sulfid) filizlərinin
payına düşür. Oksid fazası üçün hesablanan həcmin 233 min unsiyası
iqtisadi rentabelli və texniki cəhətdən hasilatı mümkün olan
qızılın miqdarıdır.
Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə
süxurlarının geniş yayılması, barit-polimetal damarlarının,
polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə
sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu
göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində
öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük
amplitudada dəyişməklə (1 q/t- dan – 100 q/t-a qədər və daha çox),
orta hesabla 8-10 q/t təşkil edir.